Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə Hövzə Xəbər Agentlinin müxbirinə verdiyi müsahibə zamanı düşmən qarşısında müqavimət və dözümlülük mövzusuna toxunaraq bildirib ki, düşmən qarşısında müqavimət göstərmək həzrət İmam Hüseynin (ə) həyat yolu və davranışında aydın şəkildə görünən ən mühüm təlimlərdən biridir. Bu həqiqət Aşura qiyamında tam, qalıcı və tarixi təcəssümünü tapmışdır.
O əlavə edib ki, Aşura qiyamını qısa şəkildə təhlil etsək, deməliyik ki, Aşura təkcə tarixi hadisə deyil, həm də böyük tərbiyə məktəbidir. Bu məktəb zülm, azğınlıq, fəsad və hegemonluq qarşısında təslim olmayan, haqq və həqiqəti müdafiə etmək yolunda möhkəm dayanan insanlar yetişdirir.
Qum Elmi hövzəsinin bu müəllimi bildirib ki, Aşura mədəniyyətində müqavimət yalnız çətinliklərə və sıxıntılara dözmək demək deyil. İmam Hüseyn (ə) məktəbində müqavimət haqq üzərində şüurlu və bəsirətli şəkildə dayanmaq mənasını daşıyır. Yəni insan doğru yolu tanımalı, həqiqəti dərk etməli və ən ağır şəraitdə belə ondan əl çəkməməlidir.
Sonu şəhadətlə nəticələnəcəyini bildiyi yolu düşünülmüş şəkildə seçdi
Qum Elmi hövzəsinin bu tədqiqatçısı sözlərinə davam edərək deyib ki, İmam Hüseyn (ə) qiyamının əvvəlindən etibarən yolunu tam bəsirət və agahlıqla seçmişdi. O həzrət bilirdi ki, tutduğu yol təbii olaraq şəhadətlə nəticələnə bilər. Lakin bu yolun həqiqəti dini dirçəltmək, insanların izzətini qorumaq və insan ləyaqətini müdafiə etmək idi.
O qeyd edib ki, İmam Hüseyn (ə) heç vaxt Yezidin zülm və fəsad hakimiyyəti qarşısında susmadı. Çünki həmin şəraitdə susmaq batili təsdiqləmək və həqiqətin səsini boğmaq demək idi. Buna görə də, İmam Hüseynin (ə) qiyamı zülm və düşmənçilik qarşısında dayanmağın parlaq və əbədi rəmzinə çevrildi və İslam tarixi boyunca haqq yolunda müqavimətin ən görkəmli nümunələrindən biri hesab olunur.
Höccətül-İslam vəl-müslimin Məlikzadə bildirib ki, İmam Hüseyn (ə) çox yaxşı bilirdi ki, Yezidin hakimiyyətini qəbul etmək və onun azğınlıqları qarşısında susmaq təkcə şəxsi qərar deyil, həm də zülm, fəsad və İslam cəmiyyətinin yolunu azdıran bir cərəyana qanunilik qazandırmaq mənasına gələ bilərdi. Buna görə də o həzrət bütün varlığı ilə bu cərəyana qarşı müqavimət göstərdi.
«هیهات منا الذله» Zillət bizdən uzaqdır – Aşura mədəniyyətinin xülasəsi
O, Aşura qiyamında müqavimət və izzətsevərlik mədəniyyətinin ən parlaq təzahürlərindən birinin şəhidlər ağası həzrət İmam Hüseynin (ə) əbədi kəlamında əks olunduğunu bildirərək deyib: Bu həqiqətin ən məşhur nümunələrindən biri İmam Hüseynin (ə) Aşura günü Ömər ibn Sədin ordusu qarşısında söylədiyi tarixi kəlamdır. O həzrət buyurmuşdur:
> «ألا و إن الدعی ابن الدعی قد رکز بین اثنتین، بین السلة والذلة، وهیهات منا الذلة»
"Bilin ki, bu namərd oğlu namərd məni iki seçim qarşısında qoyub: Ya qılınc (döyüş və şəhadət), ya da zillət. Halbuki zillət bizdən çox uzaqdır!"
Qum Elmi hövzəsinin bu müəllimi əlavə edib ki, bu kəlamın məzmunu ondan ibarətdir ki, düşmən İmam Hüseyni (ə) iki seçim qarşısında qoymuşdu: Qılınc və şəhadət, yaxud zilləti qəbul etmək. Lakin İmam Hüseyn (ə) qətiyyətlə bəyan etdi: «هیهات منا الذلة» – “Zillət bizdən uzaqdır!” Yəni biz heç vaxt zilləti qəbul etməyəcəyik.
O vurğulayıb ki, İmam Hüseyn (ə) kimi bir şəxsiyyət heç vaxt zillətə boyun əyməz və düşmənin təzyiqi qarşısında öz izzətini, şərəfini, insani və dini ləyaqətini güzəştə getməz. Bu kəlam Aşura mədəniyyətinin xülasəsidir. Elə bir mədəniyyət ki, ona əsasən mömin insan ən ağır vəziyyətdə, tərəfdarları az olsa belə, ən güclü düşmən qarşısında belə öz izzət və ləyaqətini satmamalı, həqiqəti tapdalamamalıdır.
Müqavimət – düşmənin təzyiqi qarşısında insan və dini şərəfin qorunmasıdır
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə bildirib ki, Aşura məktəbində müqavimət insanın izzət və ləyaqəti ilə ayrılmaz şəkildə bağlıdır. İmam Hüseynin (ə) baxışına görə müqavimət düşmənin təzyiqi qarşısında insani və dini şərəfi qorumaq deməkdir. Mömin insan çətinlik, mühasirə, təhdid və hətta tənhalıqla üzləşə bilər. Lakin bunların heç biri onu batilə təslim olmağa məcbur etməməlidir.
O sözlərinə davam edərək deyib ki, Aşura qiyamı bizə öyrədir ki, qələbənin meyarı yalnız zahiri və hərbi üstünlük deyil. Bəzən insan zahirən azlıqda olsa belə, haqq üzərində möhkəm dayanmaqla öz mesajını tarix boyu əbədiləşdirə bilər. İmam Hüseyn (ə) öz müqaviməti ilə göstərdi ki, mömin insanın izzəti və ləyaqəti alver mövzusu ola bilməz.
İmam Hüseynin (ə) cəmiyyəti qəflət və aldanışdan xilas etmək üçün apardığı maarifləndirmə
Qum Elmi hövzəsinin bu müəllimi Kərbəlaya doğru hərəkət zamanı həzrət İmam Hüseynin (ə) həyat yoluna toxunaraq bildirib ki, bu həqiqət İmam Hüseynin (ə) davranış və həyat yolunda da aydın şəkildə görünür. O həzrət yol boyu dəfələrlə maarifləndirici çıxışları ilə düşmənin mahiyyətini və cəmiyyətin düşdüyü vəziyyəti insanlar üçün izah etmişdir.
O əlavə edib ki, İmam Hüseyn (ə) insanları qəflətdən, aldanışdan və məlumatsızlıqdan xilas etməyə, həqiqəti onlara aşkar etməyə çalışırdı. O həzrətin məqsədi yalnız hərbi qarşıdurma deyildi. Əksinə, qiyamının ən mühüm hədəflərindən biri cəmiyyəti oyatmaq, zülm və azğınlıq cərəyanının həqiqi simasını üzə çıxarmaq idi.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə sonda qeyd edib ki, bu baxımdan Aşura bütün nəsillər üçün mesaj daşıyır. Bu mesaj ondan ibarətdir ki, zülm və azğınlıq qarşısında susmaq həmişə bitərəflik demək deyil. Bəzən susmaq batil cərəyanına şərik olmaq mənasını daşıyır. Buna görə də mömin insan bəsirət, düzgün tanıma, izzət və insani ləyaqətini qorumaqla düşmənin təzyiqləri qarşısında möhkəm dayanmalıdır.
İmam Hüseynin (ə) müqaviməti əxlaq, hidayət və höccətin tamamlanması ilə müşayiət olunur
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə vurğulayıb ki, Aşura məktəbində müqavimət və dözümlülük heç vaxt zorakılıq tərəfdarlığı mənasını daşımır. O deyib ki, həzrət Əba Əbdillah Hüseyn (ə) hətta Aşura günü də xütbələri, nəsihətləri və dəfələrlə verdiyi mesajlarla düşmən ordusunu haqq və həqiqətə qayıtmağa çağırırdı. Bu davranış göstərir ki, düşmən qarşısında dayanmaq əxlaq, hidayətçilik və höccətin tamamlanması ilə müşayiət olunmalıdır.
O əlavə edib ki, İmam Hüseyn (ə) heç vaxt zorakılıq tərəfdarı olmayıb. Əksinə, o həzrət şərəfli müqavimətin, həqiqəti müdafiə etməyin və zülm ilə azğınlıq qarşısında dayanmağın ən bariz nümunəsi idi. Buna görə də Aşura məktəbində müqavimət və dözümlülük təkcə əxlaq və insan ləyaqəti ilə ziddiyyət təşkil etmir, əksinə, ən yüksək səviyyədə hidayət, xeyirxahlıq və insanları haqq yoluna qaytarmaq səyi ilə müşayiət olunur.
İmam Hüseyn (ə) kimi müqavimət göstərmək yalnız döyüş meydanı ilə məhdudlaşmır
Qum Elmi hövzəsinin bu müəllimi bildirib ki, İmam Hüseyn (ə) kimi müqavimət göstərmək yalnız döyüş meydanında iştirak və düşmənlə hərbi qarşıdurma ilə məhdudlaşmır. O qeyd edib ki, Aşura məktəbinin izahında diqqət yetirilməli mühüm məqamlardan biri budur ki, İmam Hüseynin (ə) müqavimət və dözümlülüyü müxtəlif sahələrdə özünü göstərmişdir. Bu müqavimətin bir hissəsi müsibətlər qarşısında səbir, aramlığı qorumaq, qəlb rahatlığı və uca Allaha tam etimad şəklində təzahür etmişdir.
O sözlərinə davam edərək bildirib ki, həzrət İmam Hüseyn (ə) şəhadət anına yaxınlaşdıqca, müsibət və çətinliklər zirvəyə çatsa da, daha sakit, daha arxayın və daha möhkəm olurdu. Çünki o həzrət Allahın razılığı yolunda addımladığını və ilahi vəzifəsini yerinə yetirdiyini bilirdi.
Höccətül-İslam vəl-müslimin Məlikzadə vurğulayıb ki, bu səviyyədəki müqavimət göstərir ki, həqiqi müqavimətin kökü dərin iman və Allaha təvəkküldür. Allaha iman gətirən və ona təvəkkül edən insan haqq yolunda müqavimət göstərməkdən yorulmur. Çünki onun dayağı zahiri və maddi qüvvələr deyil, Allahın vədinə və ilahi yardımına olan etimaddır.
İmam Hüseynin (ə) səhabələri – onun tərbiyyə yolunun təcəssümü
O, Aşura hadisəsində İmam Hüseynin (ə) səhabələrinin roluna toxunaraq deyib ki, həzrət İmam Hüseynin (ə) səhabələri də onun məktəb və tərbiyəsinin aynası idilər. Onlar çox yaxşı bilirdilər ki, sayca və təchizat baxımından özlərindən dəfələrlə üstün olan böyük bir ordu ilə üz-üzədirlər. Buna baxmayaraq, İmamı (ə), ona yardım etməyi və haqq olan amallarını müdafiə etməyi əsla tərk etmədilər.
O əlavə edib ki, bu dözümlülük və fədakarlıq göstərir ki, İmam Hüseyn (ə) məktəbində tərbiyə alan insan haqqı insanların sayı, maddi imkanlar və zahiri güclə ölçmür. Onun meyarı həqiqət və Allahın razılığıdır. İmam Hüseynin (ə) səhabələri bilirdilər ki, zahirdə döyüş meydanında şəhid ola bilərlər, lakin batil qarşısında təslim olmağa, izzət və həqiqəti zillətlə dolu bir həyatla dəyişməyə heç vaxt razı deyildilər.
Qum Elmi hövzəsinin bu müəllimi qeyd edib ki, İmam Hüseynin (ə) səhabələrinin bu möhkəmliyi onun tərbiyə yolunun bəhrəsi idi. Elə bir tərbiyə ki, insana haqqın dəyərinin insan canından da üstün olduğunu, haqqın, həqiqətin və ilahi idealların müdafiəsinin bütün dünya bağlılıqlarından daha ali bir dəyər daşıdığını öyrədir.
Qələbə həmişə zahiri üstünlük demək deyil
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə vurğulayıb ki, qələbə anlayışı yalnız zahiri və hərbi üstünlüklə məhdudlaşdırılmamalıdır. O bildirib ki, bəzən insanlar elə düşünürlər ki, qələbə yalnız düşmənə zahirdə qalib gəlməkdir. Halbuki Aşura tarixi göstərdi ki, həqiqətin əbədiliyi ən böyük qələbə ola bilər.
O sözlərinə davam edərək deyib ki, İmam Hüseyn (ə) və onun vəfalı səhabələri zahirdə şəhadətə yetişdilər. Lakin Aşuranın mesajı və onların uğrunda dayandıqları həqiqət tarix boyu əbədi qaldı və dünya azadlıqsevərləri üçün örnəyə çevrildi. Bu baxımdan, həqiqətin yaşaması və haqq amalının əsrlər boyu canlı qalması ən böyük qələbədir.
Əgər bir həqiqət əsrlər boyu yaşaya, müxtəlif nəsilləri oyada, xalqlara və azad insanlara ilham verə bilirsə, bu, əsl qələbənin yalnız zahiri üstünlükdən ibarət olmadığını göstərir.
Aşura müqavimətinin mesajı bütün zamanlar üçün canlıdır
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə bildirib ki, İmam Hüseynin (ə) müqavimət mesajı bütün dövrlər və nəsillər üçün canlıdır. O deyib ki, zülm, fəsad, təhrif, təhdid və təzyiqlə üzləşən hər bir cəmiyyət Aşura məktəbindən dərs ala və batil qarşısında müqavimət göstərməyin yolunu öyrənə bilər.
O vurğulayıb ki, Aşura məktəbi bizə öyrədir ki, izzət düşmənlə güzəştə getməklə əldə olunmur. Əlbəttə, düşmən qarşısında dayanmaq yalnız haqq, ağıl, iman, bəsirət və insan ləyaqətinin qorunması əsasında qurulduğu zaman dəyərli və təsirli olur.
Qum Elmi hövzəsinin müəllimi daha sonra qeyd edib ki, Aşura hadisəsinin ən böyük dərsi budur ki, mömin insan zülm və azğınlıq qarşısında möhkəm dayanmalıdır. Lakin bu müqavimət əxlaq, məntiq, hidayətçilik və höccətin tamamlanması ilə müşayiət olunmalıdır. Məhz bu, İmam Hüseyn (ə) məktəbindən öyrəndiyimiz dərsdir. Elə buna görə də Aşura hadisəsinin mesajı öz dərinliyi və həqiqəti sayəsində tarixdə əbədiləşmiş, bu gün də bütün insanlar və cəmiyyətlər üçün ilhamverici və yolgöstərici olaraq qalmaqdadır.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə vurğulayıb ki, şəhidlər ağası həzrət İmam Hüseynin (ə) həyat yolu və kəlamlarında düşmən qarşısında müqavimət və möhkəm dayanmaq təkcə qəhrəmanlıq nümayişi və ya müvəqqəti davranış deyil. Aşura insan yetişdirən bir məktəbdir. Bu məktəb insana öyrədir ki, batil qarşısında təslim olmasın, təhdidlər qarşısında öz kimliyini itirməsin və haqq yolunda, hətta tək qalsa belə, izzət və başucalığı ilə möhkəm dayansın.

O əlavə edib ki, Aşura zülm qarşısında müqavimətin ən uca hayqırtısıdır və İmam Hüseyn (ə) azadlığın, zülmə qarşı müqavimətin, haqq və həqiqət yolunda möhkəm dayanmağın ən böyük müəllimidir. Həzrət İmam Hüseynin (ə) həyat yolu bizə göstərir ki, mömin və azad insan düşmənin təzyiqi, təhdidi və tamahlandırması qarşısında öz izzətini, ləyaqətini və kimliyini güzəştə getməməlidir.
Aşura – müqavimət və azadlıq məktəbi
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə Aşura məktəbinin müasir cəmiyyət üçün dərs və mesajlarına toxunaraq bildirib ki, mühüm sual budur: Bugünkü şəraitdə İmam Hüseynin (ə) həyat yolu və davranışından, xüsusilə də düşmən qarşısında müqavimət və möhkəm dayanmaq sahəsində hansı dərs və mesajları əldə edə bilərik?
O sözlərinə davam edərək deyib ki, Aşura məktəbindən bugünkü fərdi və ictimai həyat üçün çoxsaylı dərslər götürmək mümkündür. İran xalqı da son onilliklər ərzində zülm və həddini aşan tələblər qarşısında dayanan bir xalq kimi bu məktəbdən ilham ala, öz izzətini, müstəqilliyini və kimliyini qorumaq yolunda İmam Hüseynin (ə) təlimlərindən faydalana bilər.
Qum Elmi hövzəsinin müəllimi vurğulayıb ki, məhz Aşura mədəniyyətinin bərəkəti sayəsində İmam Hüseynin (ə) müqavimət və möhkəmlik mesajı İranın müasir tarixi boyunca, xüsusilə də taleyüklü və çətin məqamlarda İran İslam cəmiyyətinin hərəkətverici və dayanıqlı qalmasının ən mühüm amillərindən biri olmuşdur.
İmam Hüseyn (ə) məktəbi – İslam İnqilabına ilham mənbəyi
O, İslam İnqilabı ilə Aşura mədəniyyəti arasındakı dərin bağlılığa toxunaraq deyib ki, İslam İnqilabından əvvəl də, sonra da həmişə vurğulanıb ki, İslam İnqilabının məktəbi İmam Hüseyn (ə) və İmam Əlinin (ə) məktəbidir. Tasua və Aşura mədəniyyəti İran xalqında qiyam, azadlıqsevərlik və müqavimət ruhunu gücləndirən əsas amillərdən olmuşdur.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə əlavə edib ki, Aşura mədəniyyəti İran xalqına öyrədib ki, zülm və hegemonluq qarşısında təslim olmasın, müstəqillik və azadlıq uğrunda lazım olan bədəlləri ödəməyə hazır olsun. Buna görə də düşmənlərin həddini aşan tələbləri qarşısında müqavimət və möhkəm dayanmaq ruhu İran xalqının tarixi və ictimai kimliyinin ən mühüm xüsusiyyətlərindən biridir.
O bildirib ki, bu gün də Aşuranın İran xalqı üçün ən mühüm mesajı budur ki, hegemonluq sistemi və qlobal təkəbbür tərəfindən İslam cəmiyyətinə yönəldilən çətinliklər və təzyiqlər heç vaxt təslim olmağa, prinsiplərdən geri çəkilməyə və zilləti qəbul etməyə səbəb olmamalıdır.
Qum Elmi hövzəsinin müəllimi həzrət İmam Hüseynin(ə) əbədi şüarı olan «هیهات منا الذلة» zillət bizdən uzaqdır kəlamına işarə edərək bildirib ki, bu tarixi mesaj göstərir ki, mömin insan və mömin cəmiyyət ən ağır şəraitdə belə öz izzət və ləyaqətini düşmənin vədləri ilə dəyişməməlidir.
O sözlərinə davam edərək deyib ki, düşmən iqtisadi təzyiqlər, siyasi hədələr və xarici basqılar vasitəsilə xalqların iradəsini zəiflətməyə çalışdığı bir vaxtda Aşura mədəniyyəti bizə öyrədir ki, düşmənin boş vədləri bir xalqın müstəqilliyindən, şərəfindən və kimliyindən vaz keçməsinə səbəb olmamalıdır.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə vurğulayıb ki, Aşura təcrübəsi göstərir ki, böyük bir xalq hətta mühasirəyə düşsə və çoxsaylı çətinliklərlə üzləşsə belə, öz şərəfini və müstəqilliyini düşmənin vədləri ilə dəyişməməlidir. İmam Hüseynin (ə) ən böyük dərsi budur ki, mömin insanın izzəti və ləyaqəti alınıb-satılan bir dəyər deyildir.
Müqavimətin bədəli təslimçilik və alçalmadan daha azdır
O, sözlərinə davam edərək bildirib ki, Aşura məktəbinin bugünkü insanlar üçün mesajı budur ki, müqavimət göstərməyin bədəli nə qədər ağır olsa da, təslimçilik və alçalmanın bədəlindən daha azdır. Xalqlar müqavimət yolunda çətinliklər, təzyiqlər və çoxsaylı problemlərlə üzləşə bilərlər. Lakin onlar öz izzətlərini və müstəqilliklərini qoruyub saxlaya bilsələr, əslində gələcək nəsillər üçün böyük və əbədi bir sərmayə qoymuş olacaqlar.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə deyib ki, Aşura mədəniyyəti bizə öyrədir ki, zülm və həddini aşan tələblər qarşısında təslim olmaq olmaz, haqq yolunda isə hətta insan tək qalsa belə, izzətlə dayanmalıdır. Bu, İmam Hüseynin (ə) öz qanı ilə tarixə öyrətdiyi dərsdir və bu gün də xalqlar üçün zülm, təhdid və hegemonluq qarşısında yol göstərən bir çıraq ola bilər.
Aşura müasir cəmiyyətə haqq və batil cəbhəsini tanımaq bəsirəti öyrədir
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə vurğulayıb ki, Aşuranın ən mühüm mesajlarından biri haqq və batil cəbhəsini tanımaq, tarixin doğru tərəfində dayanmaqdır. O deyib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin buyurduğu kimi, İmam Hüseynin (ə) düşmən qarşısındakı müqavimətindən müasir cəmiyyət üçün mühüm dərslər almaq mümkündür. Bu dərslərin ən mühümlərindən biri haqq və batil cəbhəsini tanımaq və düşməni düzgün müəyyənləşdirmək zərurətidir.
“Dövrün Yezidini” və bugünkü düşmənləri tanımağın zərurəti
O bildirib ki, Aşura yalnız keçmişə aid tarixi hadisə deyil. Aşuranın bugünkü cəmiyyət üçün mesajı budur ki, insanlar öz dövrlərinin “Yezidini” və “Hərmələsini” tanımalıdırlar. Bu gün müsəlman xalqların və haqq cəbhəsinin düşmənləri tam şəkildə məlumdur və sionist rejim, Benyamin Netanyahu və qlobal təkəbbür cərəyanının rəhbərləri qarşısında dayanılmalı olan düşmənlərin açıq nümunələridir.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə əlavə edib ki, İran xalqı yaxşı öyrənib ki, düşmən həmişə silah və hərbi vasitələrlə meydana çıxmır. O, bəzən həqiqətləri təhrif etməklə, reallıqları dəyişdirməklə və məsələləri tərsinə göstərməklə ictimai rəyə təsir göstərməyə çalışır.
O sözlərinə davam edərək bildirib ki, bu gün qlobal təkəbbür təkcə hərbi cəbhədə deyil, həm də mədəni və media cəbhəsində İran xalqına qarşı dayanıb və media vasitələrindən istifadə etməklə zalım və məzlumun, qatil və şəhidin, haqq və batilin yerini ictimai şüurda dəyişməyə çalışır.
İmam Hüseynin (ə) müqavimət yolu– rəvayətlər müharibəsi qarşısında ayıqlıqdır
Qum Elmi hövzəsinin tədqiqatçısı bildirib ki, İmam Hüseynin (ə) müqavimət yolu yalnız hərbi meydanda dayanmaq demək deyil. İmam Hüseynin (ə) müqavimət yolu ayıq olmaq, düşməni tanımaq və düşmən cərəyanlarının həqiqətləri təhrif etməsinə, ictimai rəydə zalım və məzlumun yerini dəyişməsinə imkan verməmək deməkdir.
O qeyd edib ki, düşmən geniş media imkanlarından istifadə edərək yalan rəvayətləri həqiqətin yerinə təqdim etməyə, cinayətkarı məzlum, qurbanı isə günahkar kimi göstərməyə çalışır. Buna görə də bugünkü cəmiyyətin ən mühüm vəzifələrindən biri bəsirətli olmaq, düşmənin media cərəyanlarını tanımaq və həqiqətlərin təhrifinə qarşı möhkəm dayanmaqdır.
Müstəqillik və yadelli hakimiyyətinin rəddi – Aşuranın digər mühüm mesajı
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə bildirib ki, müstəqillik istəyi və yadelli hakimiyyətini qəbul etməmək də Aşuranın mühüm mesajlarındandır. O deyib ki, İmam Hüseyn (ə) İslam cəmiyyətinə rəhbərlik səlahiyyəti olmayan Yezid kimi bir şəxslə beyət etməyə və onun hakimiyyətini qəbul etməyə razı olmadı.
O əlavə edib ki, bu dərs İran xalqı üçün də çox əhəmiyyətlidir. Çünki müstəqillik zorakılığa qarşı dayanmaq, yadellilərin diktəsini qəbul etməmək və ölkənin taleyini xarici güclərin ixtiyarına verməmək deməkdir. Məhz bu müstəqillik və yadelli hegemonluğunu qəbul etməmək ruhu sayəsində İran İslam Respublikası bölgədə və bir çox xalqların nəzərində xarici hegemonluğa qarşı dayanan müstəqil bir ölkə kimi tanınır.
Haqq və vəliyyi-fəqih prinsipi ətrafında birlik – düşmən qarşısında qələbənin rəmzi
O, Aşuranın digər mühüm mesajlarından biri kimi həmrəyliyi və birliyi qeyd edərək bildirib ki, bunlar düşmən qarşısında möhkəm dayanmağın əsas sütunlarındandır. Kərbəla hadisəsində müxtəlif yaşlarda, fərqli tayfa və keçmişə malik insanlar İmam Hüseynin (ə) yanında idilər. Həbib ibn Məzahir kimi yaşlı bir şəxs, həzrət Əli Əkbər (ə) kimi bir gənc, həzrət Əli Əsğər (ə) kimi südəmər uşaq və Coun adlı qaradərili bir qul – onların hamısı haqq məhvəri ətrafında və həqiqəti müdafiə etmək yolunda bir araya gəlmişdilər.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə vurğulayıb ki, bu səhnənin İran xalqı üçün mesajı ümumi düşmən qarşısında birliyi qorumaqdır. Müqavimət o zaman nəticə verir ki, cəmiyyətin bütün təbəqələri düşmən qarşısında birlik nümayiş etdirsin, haqq və vəliyyi-fəqih prinsipi ətrafında öz həmrəyliyini qorusun.
İmam Hüseynin (ə) müqaviməti ümidsizliklə müşayiət olunmur
O bildirib ki, gələcəyə ümid və haqqın batil üzərində son qələbəsi vədi də Aşura hadisəsinin əbədi mesajlarındandır. İmam Hüseynin (ə) həyat yolunda müqavimət heç vaxt ümidsizliklə müşayiət olunmayıb. O həzrət son ana qədər ilahi vəzifəsini yerinə yetirdi və nəticəni Allaha həvalə etdi.
Qum Elmi hövzəsinin müəllimi əlavə edib ki, bu mesaj İran xalqı üçün də ümidvericidir. Çünki ilahi vədə əsasən insanlar səbir və müqavimət göstərsələr, haqq yolunda sabitqədəm qalsalar, sonda haqq batilə qalib gələcək.
O qeyd edib ki, belə bir baxış cəmiyyəti xarici təzyiqlər, təhdidlər və düşmənin psixoloji müharibəsi qarşısında möhkəmləndirir, siyasi, iqtisadi, hərbi və media təzyiqlərinin xalqın ümidini və iradəsini sarsıtmasına imkan vermir.
Həqiqi həyat izzət, azadlıq və Allaha bəndəlik sayəsində mümkündür
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə deyib ki, İmam Hüseynin (ə) müqavimət mesajı İran xalqı üçün bundan ibarətdir ki, hər hansı bir qiymət bahasına sağ qalmaq dəyərli deyil. Çünki həqiqi həyat azadlıq, izzət və Allaha bəndəlik sayəsində məna qazanır.
O sözlərinə davam edərək bildirib ki, Aşura məktəbi İran xalqına öyrədir ki, hadisələrin ən çətin burulğanlarında belə öz köklərini haqq və həqiqət torpağında möhkəm saxlasın, düşmənin təhdidlərindən qorxmasın və öz müqavimətini qorusun.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Məlikzadə son olaraq bildirib ki, düşmənini bəsirətlə tanıyan, müstəqilliyini qoruyan, haqq və həqiqət məhvəri ətrafında birliyini saxlayan, Allaha ümid və təvəkküllə öz yolunda möhkəm dayanan xalqlar düşmənlərin təzyiq və fitnələri qarşısında məğlub olmayacaqlar. Çünki Aşuranın ən böyük dərsi haqqın son qələbəsinə qədər izzətli şəkildə müqavimət göstərməkdir.
Xəbərin sonu
Rəyiniz